“Microsoft” korporasiyası “Cortana” səs köməkçisinin “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün dəstəyini dayandırır. Müvafiq proqramların fəaliyyəti 2020-ci il yanvarın sonunda dayandırılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ilk olaraq Avstraliya, Kanada, Böyük Britaniya, Hindistan, Çin, Meksika, İspaniya və Almaniya istifadəçiləri “Cortana” səs köməkçisinin “Android” və “iOS” versiyalarına giriş imkanından məhrum olacaqlar. Gələcəkdə bu siyahı genişlənəcək, amma konkret müddət göstərilməyib.
“Cortana” səs köməkçisi, həmçinin “Microsoft Launcher” proqramından çıxarılacaq.
“Microsoft” korporasiyası “Cortana” səs köməkçisinin dəstəyinin rəqib mobil platformalarda dayandırılması qərarını virtual köməkçini daha faydalı etmək və onu “Microsoft 365” proqramları ilə daha dərin inteqrasiya etmək istəyi ilə izah edib.
“Cortana” – 2015-ci ildə istifadəyə verilmiş süni intellekt elementlərinə malik virtual səs köməkçisidir.
Emil Hüseynov