“Popcorn Computer” şirkəti “Pocket P.C.” adlı mini-kompüter layihəsini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, monoblok tipli korpusla təchiz edilən qurğunun aşağı hissəsində 256 rəngli işığa malik “QWERTY” klaviaturası yerləşəcək. Yuxarı hissəni “Full HD” (1920 × 1080 piksel) təsvir ölçülü və sensor idarəetmə dəstəkli 4,95 düym diaqonallı ekran əhatə edəcək.
Kompüterin əsasını 1,2 QHs takt tezliyində işləyən “ARM Cortex-A53” arxitekturalı dördnüvəli prosessor təşkil edir. Operativ yaddaş tutumu 2, quraşdırılmış yaddaş isə 32 giqabayta bərabərdir.
Bundan başqa, kompüterdə “microSD” çıxışı, “Wi-Fi” (2,4 QHs) və “Bluetooth 4.0” simsiz rabitə adapterləri, eləcə də dörd “USB Type-C” portu nəzərdə tutulub. Dörd portdan biri olan “USB Power Delivery” qurğuların enerji ilə doldurulmasını həyata keçirəcək.
Mini-kompüteri enerji ilə 3200 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edəcək. Həmçinin “Linux” nüvəli “Debian 10” əməliyyat sistemi dəstəklənəcək.
İlkin qiyməti 200 dollar təşkil edəcək “Pocket P.C.” mini-kompüterinin tədarükünə 2020-ci ilin mayında başlamaq planlaşdırılır.
Nizam Nuriyev