Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Checkmarx” şirkəti tərəfindən “Android” sistemində aşkar edilmiş boşluq cinayətkarlara istifadəçidən xəbərsiz smartfonun kamera və mikrofonuna müdaxilə etməyə imkan verib. Aparat “casus” alətinə çevrilirdi: gizli şəkil çəkmək, qalereyadan foto və videoları yükləmək və danışıqları yazmaq mümkün idi.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan başqa, sözügedən boşluq telefon söhbəti zamanı hər iki həmsöhbətin danışığını yazmağa və onların mövqeyini müəyyənləşdirmək üçün telefonun sensorlarından istifadə etməyə imkan verirdi.
“Checkmarx” şirkəti bu ilin yayında “Google Pixel 2 XL” və “Pixel 3” smartfonlarında "Kamera" proqramını tədqiq edərkən boşluq aşkar etmişdi. Bundan başqa “Samsung” daxil olmaqla digər “Android” smartfon istehsalçılarının kameralarında analoji boşluqlar aşkar edilmişdi. “Google” iyulda yeniləmə çıxararaq bu boşluğu aradan qaldırmışdı.
“Checkmarx” şirkətinin təhlükəsizlik sahəsində tədqiqatlar üzrə direktoru Eres Yalon “ArsTechnica” nəşrinə müsahibəsində “Google”un assistentinə kameraya giriş imkanının verilməsini boşluğun səbəbi kimi göstərib.
Emil Hüseynov