2021-ci ildə istehsalçılar “5G” şəbəkələrini dəstəkləyən təxminən 450 milyon smartfon tədarük edəcəklər, 2022-ci ildə belə qurğuların tədarükü 750 milyona yaxınlaşacaq. Dünyanın ən böyük mobil çip istehsalçısı “Qualcomm” şirkəti belə proqnoz verib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkət bundan əvvəl 2020-ci ildə “5G” smartfon tədarükünün həcmini 175-225 milyon aralığında proqnozlaşdırmışdı.
“Qualcomm” şirkətinin nümayəndələri hesab edirlər ki, “5G” texnologiyasının tətbiqi prosesi “4G” ilə müqayisədə daha sürətli olacaq. Bu, Çində texnologiyanın sürətləndirilmiş kommersiya istismarına verilməsi və müxtəlif qiymət kateqoriyasına uyğun çipsetlərin əlçatanlığı ilə izah edilir.
Cənubi Koreyada “KT Corporation” telekommunikasiya şirkəti 2019-cu ilin aprelində dünyada ilk “5G” şəbəkəsini kommersiya istismarına verib. “5G” şəbəkələri tədricən Avropada da istifadəyə verilir: operatorlar artıq San-Marino, Monako və İsveçrə, həmçinin Böyük Britaniyada “5G” şəbəkələrini işə salıblar.
Emil Hüseynov