Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin salamlama məktubu


Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi beynəlxalq sərgi və konfransın açılışı münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, bu sahədə çalışan bütün əməkdaşlarımız adından səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı və işlərinizdə uğurlar arzulayıram.

Respublikamızda sosial-iqtisadi həyatın bütün sahələri kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı da daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin informasiya və biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına xidmət edən sektor kimi İKT-yə verdiyi əhəmiyyət və dövlət qayğısı sayəsində bu sahə gəlirlərin orta illik 25-30% artım tempi ilə dinamik inkişafdadır.

Ölkədə formalaşan müasir telekommunikasiya infrastrukturu, İKT-dən, o cümlədən internetdən istifadənin kütləviləşməsi, özəl şirkətlərin fəaliyyətinin genişlənməsi və ixrac potensialının güclənməsi, müvafiq qanunvericilik aktlarının, proqram və layihələrin qəbul edilməsi və həyata keçirilməsi İKT-nin inkişafı istiqamətində nail olunan mühüm nəticələrdir.

Azərbaycanda MDB regionunda ilk dəfə bütün yaşayış məntəqələri telefonlaşdırılmış və sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə 7 rəqəmli nömrələmə sisteminə keçid təmin olunmuşdur. Mobil rabitə sektoru sürətlə inkişaf edir və hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 60 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir ki, bu da ümumdünya orta göstəricisindən təxminən 1,5-2 dəfə yüksəkdir.

Beynəlxalq internet kanallarının ümumi tutumunun dəfələrlə artırılması və transmilli internet portlarının qurulması nəticəsində ölkəmiz regionda internet xidmətlərinin fəal ixracatçısına çevrilmişdir.

Əhali çoxproqramlı radio və televiziya yayımı ilə təmin edilir və ölkədə rəqəmli yayıma tam keçid 2012-ci ilin sonunda başa çatdırılacaqdır.

“E-hökumət”, “e-təhsil”, “e-səhiyyə”, və s. bu kimi layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi ölkədə informasiya cəmiyyətinin formalaşmasına əlverişli şərait yaratmışdır.

Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər və dünyanın aparıcı telekommunikasiya və informasiya texnologiyaları şirkətləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması regional bazarlara çıxış istiqamətində layihələrin həyata keçirilməsinə əsaslı zəmin yaradır.

Azərbaycanının ilk telekommunikasiya peykinin 2012-ci ilin sonunda orbitə çıxarılması, ölkəmizin aktiv iştirakı ilə həyata keçirilən “Avro-Asiya Transmilli İnformasiya Supermagistralı” və Avropa-Mərkəzi Asiya informasiya magistralı layihələri artıq mərhələlərlə reallaşmaqdadır.

Əminəm ki, bu layihələr cəmiyyətin rifahına və inkişafına xidmət etməklə bərabər ölkəmizin yüksək texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıqda mövqelərini genişləndirəcəkdir.

İnanıram ki, XVII Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel-2011 Sərgi və Konfransı yerli və çoxsaylı xarici şirkət və təşkilatları bir araya gətirərək beynəlxalq və regional səviyyədə əməkdaşlığının inkişafı baxımından uğurlu olacaq və tezliklə öz səmərəli nəticələrini verəcəkdir.

Sizi bu ənənəvi sərgi və konfransın açılışı münasibətilə bir daha təbrik edirəm, bütün iştirakçılara və ziyarətçilərə müvəffəqiyyətlər diləyirəm.

Əli Abbasov,
Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Naziri





23/11/11    Çap et