Çexiya hökuməti ölkədə böyük texnoloji şirkətlər, o cümlədən "Google" və "Facebook" üçün 7 faiz verginin tətbiqini bəyənib. Qərarın qüvvəyə minməsi üçün onun Çexiya Parlamenti tərəfindən təsdiq edilməsi tələb olunur.
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, Çexiya Maliyyə Nazirliyinin məlumatına görə, vergi dünyada illik dövriyyəsi minimum 750 milyon avro, Çexiyada isə 3,9 milyon avro təşkil edən şirkətlər üçün nəzərdə tutulub. Yeni vergi istifadəçisi 200 mindən az olan şirkətlərə şamil edilməyəcək. Vergi onlayn reklam, rəqəmli bazar və istifadəçi məlumatlarının satışından əldə edilən gəlirlərdən tutulacaq. Söhbət Çexiyada fəaliyyət göstərən şirkətlərdən əldə olunan gəlirlərdən gedir.
Rəqəmli vergi haqqında qanun 2020-ci ilin iyununda qüvvəyə minəcəyi təqdirdə hökumət nümayəndələrinin qiymətləndirməsinə görə, gələn il ölkə büdcəsinə əlavə 82 milyon avro daxil olacaq. Sonrakı illərdə isə bu vergidən illik gəlirlərin 160 milyon avro təşkil edəcəyi gözlənilir. Bununla yanaşı, Çexiya hökumətinin nümayəndələri bildirib ki, vergi böyük İT şirkətləri üçün vergilər haqqında qlobal sazişin imzalanacağı təqdirdə ləğv oluna bilər.
Nizam Nuriyev