Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkətinin yeni bölməsi qlobal problemlərin həllində iştirak edəcək


“Sony” şirkəti süni intellekt sahəsində fundamental tədqiqatların aparılması və texnologiyaların hazırlanması ilə məşğul olacaq “Sony AI” adlı yeni bölmə yaradıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, ofisləri Yaponiya, Avropa və ABŞ daxil olmaqla bütün dünyada yerləşəcək “Sony AI” strukturunun vəzifəsi süni intellekt sahəsində tədqiqatların “Sony” şirkətinin texniki aktivləri ilə birləşdirilməsi olacaq. İnteqrasiya xüsusilə əyləncə məhsulları (oyun, musiqi və filmlər) sahəsində aktiv aparılacaq.

 

Yeni bölmənin rəhbəri Hiroaki Kitanonun sözlərinə görə, “Sony AI” bölməsinin uzunmüddətli məqsədlərindən biri Yaponiya şirkətinin biznes sahəsinə daxil olmayan ümumi qlobal problemlərin həllində iştirak olacaq. O bildirib ki, “Sony AI” həm fiziki, həm də virtual məkanda süni intellekt tədqiqatları və texnologiyaları ilə məşğul olacaq. “Süni intellekt insan təxəyyülünün və yaradıcılıq potensialının inkişafına xidmət etməlidir”, – o vurğulayıb.

 

Planın həyata keçirilməsi üçün “Sony” tərəfindən dünya səviyyəli mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. İlkin mərhələdə əsas diqqət oyunlara, vizuallaşdırma və qastronomiya texnologiyalarına yönəldiləcək. Bu sahələrdə əldə edilən uğurların yekunlarına uyğun olaraq layihənin gələcək istiqaməti barədə qərar qəbul ediləcək.

 

Nizam Nuriyev






25/11/19    Çap et