Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” smartfon formasında cib tərcüməçisi təqdim edib


“Xiaomi” şirkəti tezliklə ucuz smartfon qiymətinə satışa çıxarılacaq yığcam tərcüməçi hazırlayıb. Bu haqda “Gizchina” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, qurğu piksel sıxlığı 357 ppi olan 4,1 düymlük sensor displeylə təchiz edilib. 3000 milliamper/saat tutumunda batareya 5 saat ərzində fasiləsiz tərcümə rejimini təmin edir, gözləmə rejimində 19 saat işləyir.

 

Tərcüməçi danışanın istiqamətini avtomatik müəyyənləşdirərək uzaq məsafədən səsin qəbulunu dəstəkləmək üçün eyni anda 6 mikrofondan istifadə edir. Qurğu sözləri tanıyaraq onları tərcümə edir və ekranda göstərir.

 

Tərcüməçi 170 regionda istifadə olunan 18 dili dəstəkləyir. Cihaz əlavə olaraq 8 meqapiksellik kamera ilə təchiz edilib: onun vasitəsilə yazıları tərcümə etmək olar. Həmçinin qurğu faylların kompüter və ya smartfona ötürülməsi üçün “Wi-Fi” bağlantısını dəstəkləyir.

 

Noyabrın 26-da satışa çıxarılacaq “Xiaomi” şirkətinin yeniliyinin qiyməti 185 dollar təşkil edir.

 

Emil Hüseynov






26/11/19    Çap et