Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Siyasətçilər internet üçün vahid standartların tətbiqinə çağırırlar


İnternet İdarəçilik Forumunun açılışında çıxış edən BMT baş katibi Antonio Quterreş və Almaniya kansleri Angela Merkel söz azadlığı məhdudiyyətlərinin aradan qaldırılması məqsədilə internetə ümumdünya qoşulması üçün vahid standartların tətbiqinin vacibliyini bildiriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, noyabrın 26-da Berlində Beynəlxalq İnternet İdarəçilik Forumu işə başlayıb. Forum qlobal şəbəkənin tənzimlənməsi, informasiyanın yayılmasının məhdudlaşdırılması məsələləri, eləcə də söz azadlığı çağırışları və internet şirkətlərinin fəaliyyət riskləri kimi əsas mövzuları əhatə edib. Tədbirdə onlayn platforma və sosial şəbəkə təhlükələrinə xüsusi diqqət yetirilib. İştirakçılar internet şirkətlərinin şəbəkədə söz azadlığını təhlükə altına alan və istifadəçilərin manipulyasiyası üçün istifadə oluna biləcək fəaliyyətlərinin məhdudlaşdırılması imkanlarını müzakirə ediblər.

 

“Biz çoxtərəfli fəaliyyət göstərməliyik. Biz azad internetin dəyərinin nədən ibarət olduğunu başa düşməliyik. Ən azından, “G20” çərçivəsində beynəlxalq standartlar və internetə ümumdünya qoşulması ilə bağlı razılıq əldə olunsaydı, biz indiyədək çox şeyə nail olardıq”, ­– A.Merkel qeyd edib.

 

O, həmçinin ümumi dialoq və çoxtərəfli yanaşmanın vacibliyini vurğulayaraq Almaniyanın BMT-nin himayəsi ilə internet sahəsində yeni qlobal siyasəti formalaşdırmağa hazır olduğunu bəyan edib.

 

Öz növbəsində A.Quterreş internetdən sui-istifadə üçün istifadə oluna biləcəyini qeyd edərək sosial şəbəkələrin insanlara təsiri ilə bağlı böyük problemin mövcudluğunu deyib.

 

“İnternet güc deməkdir, BMT isə biznes, siyasətçilər və vətəndaş cəmiyyəti ilə birgə fəaliyyət göstərməklə internet idarəçiliyinə diqqət yetirməlidir. Bütün tərəflər ölkələrdə müvafiq qanunvericiliyin tətbiqi üçün əsas prinsiplər barədə razılığa gəlməlidir. BMT tərəfindən təşkilat üzvləri ilə texnoloji məsələlərlə bağlı əməkdaşlıq edəcək nümayəndə təyin ediləcək”, – BMT baş katibi əlavə edib.

 

Nizam Nuriyev






27/11/19    Çap et