Qlobal smartfon bazarında 3 illik azalmadan sonra Çinin “5G” sahəsində iddialı planları sayəsində 2020-ci ildə artım müşahidə olunacaq. “IDC” analitik şirkətinin proqnozuna görə, qurğuların tədarükü 1,5% artaraq 1,4 milyardı ötəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, həmçinin gələn il “5G” dəstəkli 190 milyon smartfonun satışa çıxarılacağı gözlənilir ki, bu da ümumi tədarük həcminin 14%-i deməkdir. Proqnoz doğru olduğu halda “5G” qurğular populyarlıq baxımından “4G” smartfonları xeyli ötəcək: birinci il “4G” qurğuların tədarük həcmindəki payı yalnız 1,3% təşkil etmişdi.
"Çinin “5G” qurğuların satış həcminə görə aparıcı bazara çevriləcəyinə heç bir şübhə yoxdur. Ancaq ABŞ, Koreya, Böyük Britaniya və Kanada kimi başqa ölkələr də 2020-ci ildə “5G” cihazların satışına öz töhfələrini verəcəklər" – “IDC” analitik şirkətindən bildirilib.
Emil Hüseynov