Avropa İttifaqının Polis Xidməti (Avropol) bir sıra ölkələrin hüquq-mühafizə orqanları ilə birlikdə aviabiletlərlə fırıldaqçılıqda şübhəli bilinən 79 nəfəri saxlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, təşkilatın məlumatına görə, noyabrın 18-22-də dünyanın 200-dən çox aeroportunda "Global Airline Action Days" (GAAD) adlı on ikinci beynəlxalq çoxprofilli əməliyyat keçirilib. Əməliyyatın məqsədi oğurlanmış bank kartı məlumatlarından istifadə edilməklə internet vasitəsilə aviabiletlərin qanunsuz alışı ilə mübarizə olub.
Əməliyyat zamanı 165 şübhəli tranzaksiya aşkarlanıb və oğurlanmış, ələ keçirilmiş və ya saxta bank kartlarından istifadə edilməklə aviabiletlərin alışında şübhəli bilinən 79 nəfər həbs olunub. Bir sıra hallar qanunsuz immiqrasiya ilə bağlı olub – bəzi saxlanılan şəxslərin üzərində saxta və ya başqa şəxslərə məxsus şəxsiyyət vəsiqələri aşkarlanıb.
"Aviabiletlərlə fırıldaqçılıq mahiyyət etibarilə sərhəd tanımır. Bu, bir neçə ay ərzində dəqiq planlaşdırılmaqla "Avropol", hüquq-mühafizə, məhkəmə və sərhəd orqanlarının, aviasiya və kredit şirkətlərinin iştirak etdiyi əməliyyatın kulminasiya nöqtəsi olub. Əməliyyatı, həmçinin birgə səylərlə sərhədlər vasitəsilə fəaliyyət göstərən cinayətkar sindikatlarla mübarizəyə böyük töhfə vermək üçün gözəl nümunə kimi göstərmək olar", – "Avropol"un əməliyyatlar üzrə icraçı direktorunun müavini Uil van Gemert bildirib.
Qeyd olunur ki, məhsulların oğurlanmış bank kartı məlumatları vasitəsilə ödənilməsini nəzərdə tutan fırıldaqçılıq sxemi Avropa ölkələrində böyük populyarlıq qazanıb. Fırıldaqçılar oğurlanmış məlumatlardan aviabiletlərlə yanaşı, avtomobillərin icarəsi və hotellərdə qalmanı ödəmək üçün istifadə edirlər. Aviaşirkətlər belə fırıldaqçılıq növünə daha çox məruz qalırlar. Belə ki, onların illik maliyyə itkiləri 1 milyard dollar təşkil edir.
Nizam Nuriyev