Estoniyada NATO-nun “Cyber Coalition” adlı kibertəlimləri başlayıb. Tədbir Estoniya Müdafiə Qüvvələri Akademiyasının bazasında keçirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, 27 dövlətin iştirak etdiyi kibertəlimlərdə kibertəhlükəsizlik sahəsi üzrə minə yaxın mütəxəssis NATO-nun Rabitə və İnformasiya Agentliyi tərəfindən hazırlanan mürəkkəb senarilərdə öz bilik və bacarığını sınayacaq.
Məlumata görə, NATO-nun aparıcı təlimlərindən olan “Cyber Coalition” dünyada ən böyük təlimlərdən biridir. Bu il təlimlər say etibarilə 12-ci dəfədir keçirilir. Təlimlər zamanı mütəxəssislərin Şimali Atlantika Alyansı üzrə kibermüdafiə sahəsində bacarıqları sınaqdan keçiriləcək və onların milli şəbəkələri və NATO şəbəkələrini qorumaq imkanları yoxlanılacaq.
Kibertəlimlərin məqsədi NATO və müttəfiqlər arasında koordinasiya və əməkdaşlığın yaxşılaşdırılması, alyansın kiberməkan müdafiəsinin gücləndirilməsi, onun kiberəməliyyatlar aparmaq imkanının təkmilləşdirilməsi, eləcə də NATO və dövlət prosedurlarının informasiya mübadiləsi sahəsində məşq edilməsidir.
Nizam Nuriyev