Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlham Əliyev BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişi qəbul etmişdir


Prezident İlham Əliyev BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişi qəbul etmişdir.

Yan Kubiş Slovakiyanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsində çalışarkən Azərbaycana səfər etdiyini xatırlayaraq ötən dövr ərzində ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olduğunu dedi və qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Azərbaycanın enerji siyasətini və regional nəqliyyat layihələrini yüksək qiymətləndirən Yan Kubiş BMT-nin xüsusi qətnaməsi və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən Avrasiya informasiya magistralı layihəsinin icrasına görə BMT rəhbərliyi adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

BMT-nin müxtəlif sahələr üzrə beynəlxalq mərkəzlər yaratdığını vurğulayan qonaq ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətli inkişafını nəzərə alaraq təmsil etdiyi qurumun bu sahə üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaratmağa maraqlı olduğunu dedi.

Dövlət başçısı bildirdi ki, Azərbaycan enerji və regional nəqliyyat layihələrinin həyata keçirilməsi işində artıq özünü etibarlı tərəfdaş kimi göstərib. Ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının gələcək inkişafında bu sahənin rolunu yüksək qiymətləndirdi.

BMT-nin həyata keçirdiyi müxtəlif layihələrin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı BMT-nin informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaradılması fikrinin də önəmli olduğunu vurğuladı.




24/11/11    Çap et