Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Caonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən Baş katib Houlin Cao dedi:
– Siz mənim indiyədək dünyada ən çox görüşdüyüm Prezidentsiniz. "Bakutel" sərgisi hər il keçirilən tədbirdir. Bu il 25-ci ildönümünü qeyd edir.
Prezident İlham Əliyev: Bəli, doğrudur.
Houlin Cao: Həmçinin bu, indiyədək ən çox ziyarət etdiyim tədbirdir.
Prezident İlham Əliyev: Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir və Azərbaycanın İKT sektorunun inkişafına verdiyi önəmi əks etdirir. Əlbəttə, sizin şəxsən sərgidə iştirakınız çox vacibdir. Çünki bu, Beynəlxalq Telekommunikasiya İttifaqı üçün tədbirin əhəmiyyətli olduğunu göstərir. Biz, həmçinin bunu sözügedən sektorda gördüyümüz işlərə verilən qiymətin göstəricisi hesab edirik. Qeyd etdiyiniz kimi, bu, 25-ci sərgidir. İldən-ilə marağın artdığını görürük. Əslində, bu sərgi zamanı cari ildə əldə etdiyimiz nailiyyətlər barədə də danışa bilərik. Düşünürəm ki, biz İKT sektorunda çox yaxşı inkişafa nail olmuşuq və bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır. Çünki o, çoxlu yeni ideyalar yaradır, yeni texnologiyalar gətirir, ölkəmizi müasirləşdirməyə yardım edir.
Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir. Struktur islahatları, siyasi inkişafla, şəffaflıqla bağlı islahatlar. Biz çox yaxşı nəticələr görürük. Azərbaycan çox sabit ölkədir və əhalinin böyük əksəriyyəti siyasətimizi dəstəkləyir. Bu, güclü siyasi iradənin nümayişinə, həmçinin iqtisadi və sosial həyatdakı böyük nailiyyətlərə əsaslanır. Cari il də bu baxımdan çox nəzərəçarpan olub. İnsanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, sosial proqramların həyata keçirilməsi, maaş və təqaüdlərin artırılması - bütün bunların hamısı, təbii ki, bizim inkişafımızın göstəricisidir. Əlbəttə, iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi İKT sektoru da qarşıdan gələn illərdə çox vacib rol oynayacaq. Bu sektorun inkişafı bizə islahatlarda daha çox səmərə əldə etməyə kömək edəcək. Təbii ki, bizim ölkəmizə göstərdiyiniz diqqətə görə sizə şəxsən təşəkkür etmək istəyirəm. Şadam ki, hər il bu sərgidə bizi ziyarət edirsiniz. Bunun sayəsində biz çox səmərəli əməkdaşlıq qura bilmişik. Beləliklə, mən sizə minnətdaram və Bakıda xoş vaxt keçirməyinizi arzu edirəm.
Houlin Cao: Çox sağ olun, cənab Prezident. Bəli, doğrudan da mən Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini görürəm. Bütün digər ekosistemləri əhatə etmək üçün çoxlu yeni İKT tətbiqləri artıq var və onlar bütün ekosistemlər üzrə geniş yayılıb. Təkcə bu il "Bakutel"də nəinki daha çoxsaylı ölkələrin iştirak etdiyini, həmçinin çoxlu yeni məhsulları və yeni tətbiqləri görürəm. Məsələn, mən sərgidə gördüm ki, "məlumatların böyük həcmi" haqqında geniş söhbət gedirdi, süni intellekt məhsulları haqqında çoxlu danışdılar. Bunlar bir-birindən fərqlənir. Həmçinin bu gün buraya gəlməzdən əvvəl mən gənclərin hazırladıqları stendlərlə tanış oldum. Onlarla müəyyən ünsiyyətim oldu və bu uşaqların çox istedadlı olduqlarını aşkar etdim.
Sonda xatirə şəkli çəkdirildi.
03/12/19 Çap et