Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il bütün qabaqcıl “Android” smartfonları “5G” şəbəkəsini dəstəkləyəcək


2020-ci ildə satışa çıxarılacaq "Android" əməliyyat sistemli bütün qabaqcıl smartfonlar "Qualcomm" çipləri ilə təchiz ediləcək və beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyəcək. Bu barədə "CNBC" telekanalına "Qualcomm" şirkətinin məhsulların hazırlanması üzrə baş vitse-prezidenti Kit Kressin bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, şirkət nümayəndəsi bu bəyanatı yüksək sinfə aid "Android" smartfonlarına, o cümlədən "Samsung Galaxy" və "Google Pixel" qurğularına quraşdırılacaq qabaqcıl "Qualcomm Snapdragon 865" prosessoru nümayiş olunandan sonra verib.

 

Qeyd olunur ki, "Snapdragon 865" yalnız yeni "5G" qurğularına quraşdırılacaq və şirkət tərəfindən hazırlanan ayrıca "5G – X5" modemi ilə təchiz olunacaq.

 

"Canalys" tədqiqat agentliyinin proqnozlarına görə, 2019-2023-cü illərdə "5G" smartfonlarının illik tədarük həcmi 180 faiz artaraq 1,9 milyard ədədə çatacaq. Qeyd olunan müddətin sonunda belə qurğuların satıldığı ən böyük bazar seqmentin 34 faizinə sahib çıxacaq Çin olacaq.

 

Nizam Nuriyev






06/12/19    Çap et