“Microsoft” korporasiyası dünyanın ən böyük auditor şirkəti “KPMG” ilə əməkdaşlığa başlayıb. Auditor şirkəti rəqəmli transformasiya layihələri üçün tərəfdaşın “bulud” servislərindən istifadə edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, dəyəri 5 milyard dollar təşkil edən saziş çərçivəsində “KPMG” şirkəti “Microsoft 365” və “Dynamics 365” daxil olmaqla “Microsoft” servislərini tətbiq etmək niyyətindədir. Bu məhsullar “KPMG” şirkətinin dünyanın 153 ölkəsində 207 min əməkdaşı üçün birgə fəaliyyət və ofis işlərinin yerinə yetirilməsinə görə üstünlük təşkil edən alət olacaq.
Bundan başqa, “KPMG” yaradılması nəzərdə tutulan qlobal hesablama platforması üçün “Microsoft Azure” və “Azure AI” həllərindən əsas qismində istifadəni planlaşdırır. Platforma “KPMG” şirkətinə süni intellekt, kibertəhlükəsizlik və robotlaşdırılmış proseslərin avtomatlaşdırılması sahələrinin yeni imkanlarını inkişaf etdirməyə imkan verəcək.
“Constellation Research” şirkətinin analitiki Holger Müllerin fikrincə, “KPMG” ilə saziş “Microsoft” üçün əhəmiyyət kəsb edir, çünki proqram təminatı istehsalçısı miqyaslı layihələr sayəsində daha çox qənaətə nail olmaq üçün belə artım mənbəyinə ehtiyac duyur. Ekspertin sözlərinə görə, oxşar layihələrdə daha çox “SaaS” həllərinin üstünlüyə malik olmasına baxmayaraq əməkdaşlığa “KPMG” kimi inteqratorların cəlb edilməsi də böyük əhəmiyyət kəsb edir.
Nizam Nuriyev