Avropa İttifaqında “Libra” kriptovalyutasından istifadə qadağan edilib
Avropa İttifaqının maliyyə nazirləri dekabrın 5-də keçirilən görüşün yekunu olaraq özəl kriptovalyutaların, o cümlədən “Facebook” tərəfindən hazırlanan “Libra” kriptovalyutasının istifadəsinin mümkün riskləri aradan qaldırılanadək onların Aİ-də qadağan edilməsi ilə bağlı razılığa gəliblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, razılıq Aİ-nin “Libra” və steyblkoinlərə – məzənnə artımının aradan qaldırılması üçün real valyutalarla əlaqəli rəqəmli valyutalara aid digər kriptovalyutaların istifadəyə verilməsini qadağan etmək niyyətində olmasını təsdiq edir.
Nazirlərin yekun bəyanatına görə, Aİ-də steyblkoinlərdən istifadə üzrə hüquqi, normativ və nəzarətedici problemlər müəyyənləşdiriləndən və aradan qaldırılandan sonra onlarla bağlı qlobal sazişlər imzalamaq olar.
Hazırda Avropa Komissiyası kriptovalyutalar sahəsinin tənzimlənməsi üzrə qaydalar üzərində çalışır. Bundan başqa, Avropa Mərkəzi Bankı özəl layihələrə alternativ olacaq kriptovalyuta layihəsi üzərində iş aparır.
Qeyd edək ki, iyunda “Facebook” şirkəti 2020-ci ildə dövriyyəyə “Libra” adlı kriptovalyuta buraxacağını açıqlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, rəqəmli valyutanı köçürmək telefona mətnli məlumat göndərmək kimi sadə olacaq. Yeni valyuta blokçeyn texnologiyası – informasiya saxlayan qurğuları ümumi serverə qoşulmayan desentralizasiya olunmuş məlumat bazası əsasında işləyəcək.
Nizam Nuriyev