Smartfonların gündəlik həyata daxil olmağa başladığı 2000-ci ilin sonlarından mobil telefonlardan istifadə ilə bağlı kəllə-beyin və boyun travmalarının sayı kəskin artıb. Bu barədə ABŞ tədqiqatçılarının “JAMA Otolaryngology – Head & Neck Surgery” elmi jurnalında dərc edilən məqaləsində deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, smartfondan istifadə bəzən insanların diqqətini o qədər cəlb edir ki, onlar ətrafda baş verən hadisələrə fikir vermirlər. Müxtəlif növ travmaların məhz bununla əlaqədar olması hesab edilir. ABŞ həkimləri bunun həqiqətən belə olub-olmamasını aydınlaşdırmaq qərarına gəliblər.
Onlar tərəfindən istehlak elektronikası ilə əlaqədar zədələr haqqında informasiyanın toplandığı “NEISS” məlumat bazası analiz olunub. Alimlər 1998-2017-ci illərdə amerikalıların mobil telefonlardan istifadə zamanı aldıqları travmalar ilə bağlı informasiyadan istifadə ediblər. Ümumilikdə onlar bilavasitə mobil telefon ilə əlaqədar 2 min hadisəni tədqiq ediblər.
Təhlilin nəticələrinə görə, 2000-ci illərin sonunadək travmaların sayı müntəzəm artıb, lakin 2009-cu ildən etibarən artım tempində kəskin artım müşahidə olunmağa başlayıb. İlk artım piki alimlər tərəfindən 2007-ci ildə qeydə alınıb. Onlar bunu “Apple” şirkəti tərəfindən ilk kütləvi smartfon – “iPhone” modelinin buraxılışı ilə izah edirlər.
Alimlərin fikrincə, sonrakı illərdə smartfonlarla bağlı travmaların sayı tədricən bazardan düyməli telefonları sıxışdıran müxtəlif qurğuların yaranması ilə əlaqədar artmağa başlayıb.
Nizam Nuriyev