Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinin dövlət müəssisələrində xarici proqram təminatından istifadə qadağan edilib


Çin hökuməti dövlət və ictimai müəssisələrdə xarici istehsallı aparat və proqram təminatından istifadəni qadağan edib. Hökumətin qəbul etdiyi qərara görə, qeyd olunan təşkilatlar 3 il ərzində xarici kompüter və proqram təminatını yerli analoqlarla əvəz etməlidirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "China Securities" şirkətinin analitiklərinin hesablamalarına görə, hökumət fərmanının icrası çərçivəsində təxminən 20-30 milyon ədəd kompüter texnikası əvəzlənməlidir. Kütləvi əvəzlənməyə isə 2020-ci ilin yanvarında başlamaq nəzərdə tutulur. Əvəzlənmə "3-5-2" sxemi üzrə aparılacaq: 2020-ci ildə avadanlığın 30 faizi, 2021-ci ildə 50 faizi, 2022-ci ildə isə 20 faizi əvəzlənəcək.

 

Bu addımın ABŞ hökuməti tərəfindən Çinin nəhəng telekommunikasiya avadanlığı istehsalçısı "Huawei" üçün tətbiq edilən sanksiyalara cavab olduğu ehtimal edilir. Çində xarici kompüter və proqramlardan istifadədən imtina ABŞ-ın "HP", "Dell" və "Microsoft" kimi şirkətlərinə mənfi təsir göstərə bilər. "Jefferies" şirkətinin analitiklərinin məlumatına görə, ABŞ şirkətlərinin Çin bazarında gəliri təqribən 150 milyard dollar təşkil edir. Bu məbləğin böyük hissəsi özəl sektorun payına düşür.

 

Qadağa hökumət tərəfindən Çinin yerli texnologiyalardan asılılığının gücləndirilməsi məqsədilə aparılan geniş kampaniyanın tərkib hissəsidir. Bu, öz növbəsində ABŞ və Çin arasında iqtisadi münasibətləri daha da pisləşdirə bilər.

 

Nizam Nuriyev






10/12/19    Çap et