Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"


Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Hörmətli qonaqlar!

 

Bu gün ölkəmizdə təkcə region üçün deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan və artıq ənənəvi xarakter daşıyan telekommunikasiya və informasiya texnologiyaları üzrə 17-ci beynəlxalq “BakuTel” sərgi və konfransının açılış mərasimi keçirilir. Builki sərgi öz miqyasına və izdihamına görə əvvəlkilərdən daha möhtəşəmdir.

 

Bu sərginin 12000 kv. m sahəyə, 32 ölkə, 250 şirkət və 18 milli pavilyona malik olması və “Microsoft” kimi tanınmış şirkətin baş sponsorluğu ilə həyata keçirilməsi ilk növbədə onu göstərir ki, Azərbaycanın İKT sahəsində beynəlxalq inteqrasiya layihələrində iştirakı genişlənir, həm ikitərəfli, həm də regional və beynəlxalq əməkdaşlıqda rolu artır, ölkənin İKT sektoruna xarici investorların marağı çoxalır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi, Azərbaycan hökumətinin, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi və digər mötəbər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən “BakuTel” sərgisi Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevirilmişdir və mən çox şadam ki, ildən-ilə onun əhatə dairəsi və iştirakçılarının tərkibi genişlənir.

 

Bu sərginin mühüm əhəmiyyət kəsb edən məqamlarından biri də İKT sənayesinin nümayəndələrinə, maraqlı tərəflərə bir araya gələrək sıx ünsiyyət qurmaq, ideyalarla bölüşmək, işgüzar münasibətləri inkişaf etdirmək və bazarın yeniliklərini araşdırmaq üçün əlverişli imkanlar yaradılmasıdır.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici və daxili siyasət ölkənin iqtisadi potensialının hərtərəfli inkişafının təməlini qoymuşdur. Bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasındadır. Qlobal maliyyə böhranının təsirlərinə baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın regional və sahəvi inkişafı reallaşır və əhalinin həyat səviyyəsi ilbəil yüksəlir.

 

Bir tərəfdən düşünülmüş siyasət və uğurlu sosial-iqtisadi strategiya, digər tərəfdən isə xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırır.

 

Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı məsələləri bizim ən prioritet məsələmizdir. İndi Azərbaycanda informasiya və biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasına böyük diqqət və maraq var.

 

Bu ideyanın təməli kimi elm, təhsil və İKT-nin əlaqəli inkişafına ciddi fikir verilir, elmi-texnoloji tutumlu innovativ layihələrin tətbiqi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər İKT Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sektor kimi prioritet sahəyə çevrilmiş və ölkəmizin İKT üzrə göstəriciləri xeyli yüksəlmişdir.

 

Təkcə 2004-2010-cu illərdə sahə üzrə gəlirlərin orta illik artım tempi 25-30 faiz təşkil edərək ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlamışdır. Bu müddət ərzində informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə, məhsul ixracı isə 5 dəfə artmış və özəl sektorun İKT bazarında payı genişlənərək 80 %-ə çatmışdır.

 

Ölkədə mobil telefon və internetin nüfuzetmə səviyyəsi artır, yeni xidmətlərin göstərilməsi və abunəçi şəbəkəsi genişlənir. İndi Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 60 faizi internet, onların da yarısı genişzolaqlı internet istifadəçisidir və bu ümumdünya orta göstəricisindən təxminən 1,5-2 dəfə yüksəkdir.

 

MDB regionunda ilk dəfə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış və ölkə üzrə vahid nömrələmə sistemi tətbiq olunmuşdur.

 

Respublikanın bütün ərazisini əhatə edən bir dövlət və iki özəl fiber-optik magistral şəbəkəsi qurulmuş, beynəlxalq internet kanallarının ümumi tutumu dəfələrlə artaraq 44,5 GB/S-yə çatdırılmış və bir çox regional informasiya serverləri ölkəmizdə yerləşdirilmişdir ki, nəticədə Azərbaycan regionda internet xidmətlərinin ixracatçısına çevrilmişdir. Azərbaycanda rəqəmli televiziya yayımı ölkə əhalisinin 60 faizdən çoxunun yaşadığı əraziləri əhatə edir və 2012-ci ilin sonunda ölkə tamamilə rəqəmli yayıma keçəcəkdir.

 

Elektron hökumətin tərkib hissəsi olaraq elektron imza və vahid portalın istifadəyə verilməsi, həmçinin e-təhsil, e-səhiyyə, e-vergilər, e-gömrük və s. layihələrin reallaşması informasiya cəmiyyətinə keçid yolunda uğurlu addımlar olmuşdur. Göründüyü kimi, dövlət və hökumətin İKT-yə dəstəyi sayəsində ölkədə İKT potensialı yaradılmışdır.

 

Lakin bu potensialın möhkəmləndirilməsi və inkişafı bizdən tələb edir ki, İKT sahəsində dünyada gedən ən qabaqcıl təcrübəni Azərbaycana gətirək, o cümlədən öz potensialımızı yeni istiqamətlərin inkişafına yönəldək. Bu baxımdan, ölkədə kosmik sənayenin yaradılması və nanotexnologiyaların tətbiqi yeni prioritetlərdir və deyə bilərəm ki, bu istiqamətlərdə artıq müəyyən nəticələr vardır.

 

Alternativ enerji mənbələrinin istifadəsi və ekoloji mühitin qorunması məsələlərində də İKT mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır. Qarşımızda duran əsas vəzifələrdən biri də rəqabətqabiliyyətli və ixracyönümlü İKT sənayesinin gücləndirilməsidir.

 

Bu məqsədlə daxili və xarici sərmayələri cəlb etməklə İKT məhsul və xidmətlərinin istehsalı və ixracını stimullaşdıran xüsusi rejimin tətbiqi ilə bağlı təkliflər paketi hazırlanmışdır və hal-hazırda müvafiq qurumlarla müzakirə edilir. Bütün bunlar onu deməyə əsas verir ki, bizim əsas məramımız Azərbaycanın hərtərəfli inkişafı üçün təbii sərvətlərimizi insan kapitalına yönəldərək biliklərə və dəyərlərə əsaslanan iqtisadiyyatı qurmaqdır.

 

Bunu etmək üçün bütün imkanlar var və biz İKT sahəsinin inkişafına məhz bu prizmadan yanaşırıq. Bununla bərabər, hazırda həm iqtisadi inkişafımızla bağlı həm də region ölkələri üçün sosial-iqtisadi və texnoloji inteqrasiya vəd edən konkret təşəbbüslər və layihələrin aktiv iştirakçısıyıq.

 

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, “Transmilli Avrasiya Super İnformasiya Magistralı” və Avropa-Yaxın Şərq informasiya layihələri buna misaldır. Bizim tanınmış beynəlxalq təşkilatlarla, şirkətlərlə birgə fəaliyyətimiz genişlənir. Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, YUNESKO və digər nüfuzlu beynəlxalq təsisatlarla qurulmuş əməkdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələr ölkəmizin İKT üzrə beynəlxalq əməkdaşlıqda mövqelərini gücləndirir.

 

Bildiyiniz kimi, istənilən sahədə beynəlxalq və regional əməkdaşlığın inkişafı, eləcə də mövcud nailiyyətlərin və yeniliklərin öyrənilməsində ixtisaslaşmış beynəlxalq tədbirlərin önəmi böyükdür. Bu tədbirlər maraqlı tərəflərə yeni tərəfdaşların tapılması və əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar açır.

 

Bu baxımdan nüfuzu getdikcə artan “BakuTel” sərgi və konfransı İKT sahəsində mütəxəssislərə, dövlət və özəl sektorun nümayəndələrinə fikir, təcrübə və texnologiyalar mübadiləsi aparmaq və yeni məhsul və xidmətlər barədə dolğun məlumat almağa cəlbedici fürsətlər təqdim edir.

 

Hörmətli sərgi və konfrans iştirakçıları!

 

Əminəm ki, hər il olduğu kimi, bu il də “Bakutel” sərgi və konfransı əlaqələrimizin genişlənməsinə və həm Azərbaycan, həm də regionda İKT-nin inkişafına xidmət edən mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə yeni təkan verəcəkdir. Sizi beynəlxalq sərgi və konfransın açılışı münasibətilə ürəkdən təbrik edir, səmərəli iş və uğurlar arzulayıram.

 

Ümid edirəm ki, ölkəmizə gəlmiş qonaqlar sərgi və konfransın gündəliyinin dolğun və gərgin olmasına baxmayaraq, həmçinin ölkəmizin tarixi, təbiəti, mədəni və digər dəyərləri ilə də yaxından tanış olmağa imkan tapacaqlar.

 

Diqqətinizə görə sağ olun.  






24/11/11    Çap et