Yaponiyada təqaüdçülərin əməyindən istifadə etmək üçün onları ekzoskeletlərlə təmin etməyə başlayıblar. Bu haqda "New Scientist" nəşri yazıb.
"ICTnews" Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, məsələ ondadır ki, Yaponiyada əhalinin 28%-ni 65 və daha yuxarı yaşlı insanlar təşkil edir. Bununla əlaqədar olaraq ölkədə tikinti, kənd təsərrüfatı və istehsal sahələrində işçi çatışmazlığı yaranıb.
Bir sıra şirkətlər yaranmış vəziyyətdən maraqlı çıxış yolu tapıblar. Onlar öz yaşlı işçilərini təxminən 25 kq ağırlığında yükü asanlıqla qaldırmağa imkan verən ekzoskeletlə təchiz etməyə qərar veriblər. Avadanlığın dəyəri 1300 dolları ötmür, konstruksiya isə mühəndislərə enerjidən asılılıq problemindən qurtulmağa imkan verib. Yeni ekzoskeletlər insan gücündən "enerji toplayır" və sıxılmış hava ilə işləyirlər.
Artıq bir sıra innovativ şirkətlərdə ilk belə qurğuların tətbiqinə başlanılıb. Sınaqlar uğurlu olduğu təqdirdə bütün təqaüdçülər ekzoskeletlə təmin ediləcək.
Emil Hüseynov