“NetMarketShare” xidmətinin məlumatına görə, “Windows 10” əməliyyat sisteminin bazar payı 10 ayda ilk dəfə azalıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin hesablamalarına görə, 2019-cu ilin noyabrında fərdi kompüterlərin 53,33%-nə “Windows 10” sistemi quraşdırılıb. Ötən ay bu göstərici 54,3% olmuşdu. Sonuncu dəfə cari ilin fevralında “Windows 10” platformasının payı azalmışdı.
Mütəxəssislərin fikrincə, “Windows 10” sisteminin tətbiqi “Windows 7” platformasının dəstək müddətinin bitməsinin yaxınlaşması ilə əlaqədar azalıb: əməliyyat sistemini yeniləmək istəyənlərin əksəriyyəti artıq bunu edib. Bununla belə “Microsoft” korporasiyası istifadəçilərə 900 milyondan çox qurğuya quraşdırılmış “Windows 10” sisteminə keçid haqqında xatırlatmağa davam edir.
“Microsoft”un proqnozuna görə, 2019-cu ilin sonunadək böyük şirkətlərin 85%-i öz kompüterlərinə “Windows 10” sistemini quraşdırmalı idilər.
Emil Hüseynov