Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Digital Girls” – Milli Təlim Proqramı” layihəsinə start verilib


Ölkəmizdə qadınların İKT sahəsinə cəlb edilməsi və texnologiyalar sahəsində rolunun artırılmasına xüsusi diqqət ayrılır. Xanımların bilik və bacarıqlarının artırılması üçün bir çox layihələr həyata keçirilir. Bu işlərin davamı olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” adlı sosial layihəyə start verilib.

 

Layihə çərçivəsində Bakı şəhərinin bir sıra məktəblərində təqdimat tədbirləri keçirilib. Bu tədbirlərə 1000-dən çox iştirakçı qatılıb. Onlara layihənin məqsədi izah edilib və İKT sahəsində uğurlu karyera qurmaq imkanları barədə məlumat verilib.

 

Məqsəd qadınların rəqəmli bacarıqlarının inkişafı və şəxsi inkişafının dəstəklənməsidir. Layihə çərçivəsində 300 xanım əsas rəqəmli biliklər üzrə təlimlərdə iştirak edəcək və əldə etdiyi bilikləri real həyatda tətbiq etmək bacarıqlarına yiyələnəcək.

 

İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin təlimçiləri tərəfindən keçirilən üçgünlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilir.

 

İlk təlimlər Ağdamda keçirilib. Dekabr ayı ərzində Bakı şəhərinin Yasamal rayonunda olan məktəblərdə təlimlər davam etdirilib. 2020-ci ildə növbəti tanıtım tədbirləri və təlimlər Şamaxı, Mingəçevir, Lənkəran, Cəlilabad, Zaqatala, Ağdaş şəhərlərində təşkil olunacaq.

 

Layihənin digər tərəfdaşları “Regional İnkişaf” İctimai Birliyi, “Aztelekom” şirkəti və “WoWoman” qadınların inkişaf platformasıdır. Layihənin miqyasının genişləndirilməsi və daha çox xanımın İKT sahəsinə qoşulması üçün ənənəvi olaraq hər il təşkil edilməsi nəzərdə tutulub.

 

Layihə haqqında daha ətraflı məlumatı http://iktlab.az/digitalgirls/ saytından əldə edə bilərsiniz.

 

 

 

 






17/12/19    Çap et