Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Rumıniya Rabitə və informasiya cəmiyyəti naziri Valerian Vremenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri, gələcək perspektivlər və investisiya yatırımları ilə bağlı məsələlər müzakirə olunmuşdur. Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq ölkəmizdə sektor üzrə həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Son illər nazirliyin beynəlxalq əlaqələrinin daha da genişləndiyini bildirən nazir Rumıniya və Azərbaycan arasında İKT sektoru üzrə qarşılıqlı maraqlara xidmət edən yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin qurulmasının məqsədəuyğun olduğunu bildirmişdir.
Nazir qeyd etmişdir ki, tərəflər intensiv ticarət əlaqələri üçün mövcud potensialdan istifadə etməli, Azərbaycan və Rumıniya şirkətləri qarşılıqlı olaraq hər iki ölkənin İKT sektoruna investisiya yatırmağa təşviq olunmalıdır. Ə.Abbasov bildirmişdir ki, sektor üzrə investisiyaların, birgə müəssisələrin, təşəbbüslərin və bazarların genişləndirilməsi hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir.
Öz növbəsində Rumıniya rabitə və informasiya cəmiyyəti naziri Valerian Vremen Azərbaycanda İKT sektorunun davamlı inkişafını yüksək qiymətləndirmiş, rabitə və informasiya texnologiyaları sahəsində təlimlərin təşkil edilməsi, İT təhsili və İT əsaslı təhsil üçün kadrların hazırlanması, elektron xidmətlər, kiber təhlükəsizlik üzrə məlumat mübadiləsinə dair əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən məmnunluğunu ifadə etmişdir. Sonda Azərbaycan və Rumıniya şirkətləri əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır.