“NPD DisplaySearch” şirkətinin məlumatına əsasən, müasir maye kristal televizorlar üçün üçölçülü panel tədarükləri üçüncü rübdə 6,6 milyona çatıb. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 27% çoxdur. Analitiklər bildiriblər ki, çoxqatlı texnologiya üzrə hazırlanan panel tədarükləri 34% artıb. “NPD” şirkətindən bildiriblər ki, bütövlükdə “3D” panel sahəsi inkişaf edir.
Lakin inkişaf istehsalçı və satıcıların gözlədikləri kimi deyil. Şirkətin hesabatında qeyd edilib ki, tələbatı zəiflədən ciddi səbəblərdən biri məzmun yoxluğu və üçölçülü televizor sahibləri üçün orijinal “3D” server çatışmazlığıdır.
“NPD DisplaySearch” şirkətinin proqnozuna əsasən, 2011-ci ildə şirkət-istehsalçılar bazara üçölçülü televizorlar üçün 21,5 milyon panel tədarük edəcəklər. Həmçinin, hesabatda qeyd edilib ki, Şimali Amerika, Yaponiya və Qərbi Avropa bazarlarında zəif tələbat bütövlükdə “3D” televizor sahəsinin aşağı gəlirliliyinə səbəb olur.