“Twitter Inc.” mikrobloqlar xidməti cari ilin əvvəlində istifadəçilərə onların tvitlərinə kimin cavab verdiyini idarə etməyə imkan verəcək yeni funksiyaları sınaqdan keçirəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "biz “Twitter”də istifadəçilərə ünsiyyət üzərində daha çox nəzarət imkanı yaratmaqla onlara təhlükəsizlikdə olduqlarını hiss etməyə kömək etmək istəyirik. 2020-ci ilin əvvəlində tvitlərə cavabla bağlı müxtəlif variantlar üzərində təcrübə aparacağıq" – “Twitter”in nümayəndəsi deyib.
“Twitter” ötən ilin noyabrında elan etmişdi ki, təhlükəsizlik baxımından və rahat ünsiyyət üçün istifadəçilərə öz tvitlərinə cavabları gizlətməyə imkan verəcək.
ABŞ-ın “Twitter Inc.” şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu qısa mesajlarla mübadilə üçün sosial şəbəkədir. Mənzil-qərargahı San-Fransiskoda yerləşir.
Emil Hüseynov