Bu gün “Windows 7” sisteminin dəstəklənməsi başa çatır
“Microsoft” korporasiyası “Windows 7” əməliyyat sisteminin dəstəklənməsinin başa çatması ərəfəsində bəyanatla çıxış edərək əməliyyat sisteminin istifadəçilərinə proqram təminatının yenilənməsi əvəzinə yeni kompüter almağı tövsiyə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm
www.dailycomm.ru” resursuna istinadən yazır ki, korporasiyanın məlumatına görə, əksər “Windows 7” istifadəçilərinə “Windows 10 Pro” sistemli yeni qurğuya keçmək tövsiyə olunur.
Bildirilir ki, hazırda “Windows 7” əməliyyat sisteminin istifadəçilərinin sayı 400 milyon təşkil edir. Yanvarın 14-də “Windows 7” əməliyyat sisteminin pulsuz dəstəklənməsi dayandırılacaq. Bu səbəbdən “Microsoft” istifadəçilərə 900 milyondan çox qurğuya quraşdırılan yeni “Windows 10” əməliyyat sisteminə keçməyi xatırladır.
Korporasiya nümayəndələrinin sözlərinə görə, “Windows 10” sisteminə keçid informasiya təhlükəsizliyi ilə bağlı problemlərin sayının azaldılması sayəsində korporativ sektorda xərcləri 14 ay ərzində ödəməyə imkan verəcək.
Bununla yanaşı, “Microsoft” korporasiyası “Windows 7” sisteminin uzadılmış dəstəyini (Extended Security Updates – genişləndirilmiş təhlükəsizlik yeniləmələri) təklif edəcək. O, pullu olacaq və çoxlu kompüter avadanlığına malik şirkətlər üçün baha başa gələcək.
Nizam Nuriyev