Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə istehlakçılar texnoloji qurğulara 1 trilyon dollardan çox vəsait xərcləyəcəklər


2020-ci ilin nəticəsinə görə, dünyada texnoloji qurğular üzrə istehlak xərcləri 2019-cu illə müqayisədə 2,5% yüksələrək 1,05 trilyon dollara yaxınlaşacaq. Bu haqda “GfK” şirkətinin araşdırmasında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 2020-ci ildə istehlakçılar telekommunikasiya məhsullarına (xüsusilə smartfon) ümumilikdə 454 milyard avro xərcləyəcək ki, bu da ümumi texnoloji xərclərin 43%-ni təşkil edəcək. Böyük və kiçik məişət texnikasının satış həcmi müvafiq olaraq 187 milyard avro (2019-cu illə müqayisədə 2% artım) və 97 milyard avro ( 8%) səviyyəsində gözlənilir.

 

Analitiklərin proqnozuna görə, 2020-ci ildə OLED televizorların qlobal satış həcmi 19%, oyun noutbuklarında 15%, simsiz tozsoranlarda 23%, “ağıllı” saatlarda 48% yüksələcək.

 

“GfK” şirkəti hesab edir ki, 2020-ci ildə texnologiya məhsullarının qlobal satışı bütün regionlarda yüksələcək, artım bazardan asılı olaraq 2-3% təşkil edəcək. Sözügedən bazarın təxminən 43%-i Asiya-Sakit okean regionu, 25%-i isə Avropanın payına düşəcək.

 

Emil Hüseynov






14/01/20    Çap et