"Bitdefender" antivirus istehsalçısı smartfonlar üçün ən zərərli proqramların adını açıqlayıb. Proqramların siyahısı şirkətin saytında dərc edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "Android" üçün proqramlarda reklam göstərən xüsusi alqoritm aşkar edilib. Quraşdırmadan 48 saat sonra proqramlar nisbətən az sayda bannerlər göstərib, lakin bir qədər sonra göstərilən reklamların sayı artıb. Mütəxəssislər dəqiqləşdiriblər ki, üzə çıxan reklamlar yalnız proqramların normal istifadəsinə mane olmayıb, həm də smartfonların prosessorunu xeyli yükləyib ki, bu da cihazların avtonom işləmə müddətinə mənfi təsir göstərib.
"Bitdefender"in nümayəndəsi deyib ki, bannerlər xaotik göstərilib və bu, xüsusi alqoritm sayəsində mümkün olub. Bu, "Android"in daxili təhlükəsizlik alətlərinin reklamın göstərilməsi şablonlarını hesablaya bilməməsi üçün edilib. Mütəxəssislər bildiriblər ki, proqramların açılması vaxtı reklam üç haldan birində üzə çıxıb. Mütəxəssislər "Google Play" kataloqunda zəhlətökən reklamdan ibarət və smartfonların batareyasının şarjını azaldan 17 proqram aşkar ediblər. "Car Racing 2019" yarış simulyatoru, "4K Wallpaper" və "Backgrounds 4K HD", "Explorer" fayl meneceri və başqa məhsullar həmin proqramlar arasındadır. Məlumata görə, zərərli proqram yüklənmələrinin ümumi sayı 550 mindən çox təşkil edib.
Emil Hüseynov