Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İordaniya Ali təhsil və Elm Tədqiqatlar Nazirliyinin baş katibi Mustafa Əl Udvan ilə görüşmüşdür. Görüşdə son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan yüksək nəticələr barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Ölkədə rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunda həyata keçirilən tədbirlərdən danışan nazir Əli Abbasov İordaniya ilə informasiya texnologiyaları sahəsində olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmişdir.
2009-cu ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İordaniya Haşimilər Krallığının İnformasiya Kommunikasiya Texnologiyaları Nazirliyi arasında informasiya texnologiyaları sahəsində imzalanan Memorandumu xatırladan nazir bu sənəd çərçivəsində yaradılan İşçi qrupunun əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün səylə çalışdığını qeyd etmişdir. Nazir 2012-ci ildə İşçi qrupunun iclasının keçiriləcəyini və bir sıra məsələlərin ətraflı müzakirə olunacağını qeyd etmişdir.
Ə. Abbasov Azərbaycanda aparılan təhsil islahatları fonunda İKT-nin rolunun artırılması baxımından bu sahədə böyük təcrübəyə malik olan İordaniya ilə əməkdaşlığın böyük əhəmiyyət kəsb edəcəyini bildirmişdir.
Mustafa Əl Udvan isə Azərbaycanda İKT sahəsində əldə olunmuş nailiyyətlər, iş şəraiti və investisiya şəraiti ilə tanış olduqlarını bildirmiş, həmçinin gələcəkdə Azərbaycanla İordaniya arasında rabitə və informasiya texnologiyaları sahəsində hökumətlərarası saziş imzalanmasını labüd hesab etmişdir.
İordaniyalı nazir İKT sahəsində yeni kadrların hazırlanması ilə bağlı Azərbaycanla təcrübə mübadiləsinin aparılmasına hazır olduqlarını bildirmişdir. O qeyd etmişdir ki, iordaniyalı iş adamları sektor üzrə həyata keçirilən işlərə təşviq oluna bilər.