“Samsung” şirkətində smartfonlar, daşınan elektronika və servislər daxil olmaqla mobil biznesin inkişafına görə məsul olan rəhbər dəyişib. Bölmənin yeni rəhbəri vəzifəsinə 51 yaşlı Ro Txe Mun təyin edilib. O, şirkət tarixində ən gənc rəhbər hesab edilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, əvvəllər “Samsung Mobile” bölməsində əhəmiyyətinə görə ikinci vəzifəni tutan top-menecer indiyədək “Galaxy” istehsal xəttinə aid qurğuların hazırlanmasına rəhbərlik edib. Onun əvəzlədiyi Donq Cin Ko Cənubi Koreya istehsalçısının informasiya texnologiyaları və mobil rabitə üzrə əsas rolu oynamaqda davam edəcək.
“Samsung” Ro Txe Munun rəhbərliyi altında əsas diqqəti “5G” modulla təchiz edilən və elastik ekranlı qurğuların buraxılışına yönəldəcək. Fevralın 11-də şirkət tərəfindən yeni qabaqcıl “Galaxy S20” smartfon seriyasının təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, “Samsung” şirkəti dünyanın ən böyük smartfon istehsalçısı olsa da, onun bazar payı azalmağa doğru gedir. Belə ki, Çinin “Huawei” şirkətinin bazar payı Cənubi Koreya istehsalçısının payına yaxınlaşır. “Strategy Analytics” analitik şirkətinin hesablamasına görə, il ərzində iki şirkət arasında fərq 2018-ci ildəki 5,9 faizdən 3,6 faizədək azalıb.
Nizam Nuriyev