“Jefferies investisiya-bank” qrupunun analitiki Piter Maysekin (Peter Misek) ehtimalına əsasən, “Apple” korporasiyası fevral ayında televizor istehsalına başlaya bilər. Bu barədə artıq çoxdan şayiələr var. Belə ki, “Apple” saytında 2011-ci ilin əvvəlində qidalandırma bloklarının hazırlanması üzrə mütəxəssis axtarışı ilə bağlı elan yerləşdirilib.
Vakansiyanın təsvirində bildirilib ki, belə blokları noutbuk, stolüstü kompyuter, server, monitor və televizorlar daxil olmaqla müxtəlif tip qurğularda istifadə etmək planlaşdırılır. Cənab Maysekin fikrincə, “Apple”-ın sifarişi üzrə yüksək dəqiqlikli panellərin istehsalı ilə “Sharp” korporasiyası məşğul olacaq.
Televizorlar “Apple”-ın onlayn xidmətləri ilə əlaqəli olacaqlar: istifadəçilər musiqi və filmlər daxil olmaqla müxtəlif multimedia məzmununu yükləyə biləcəklər. “Apple” korporasiyası bu informasiya ilə bağlı heç bir şərh verməyib.