Çində dünyanın ən böyük “FAST” (Five hundred meter Aperture Spherical Telescope) teleskopu rəsmən istifadəyə verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, Quayçjou əyalətində yerləşən teleskop pulsarların axtarışı və tədqiqi ilə məşğul olacaq. Artıq iki pulsar “FAST” tərəfindən 2017-ci ilin avqustunda sınaqlar zamanı kəşf edilib. Diametri 500 metr təşkil edən teleskop tədqiqatlar zamanı səthin 300 metrindən istifadə edir.
Pulsarlarla yanaşı, alimlər tərəfindən teleskopdan yerdənkənar intellektin axtarışı üçün istifadə planlaşdırılır. Testlər zamanı “FAST” qurğusundan yalnız Günəşdən 100 işıq ili uzaqda yerləşən və maqnit sahəsinə malik ekzoplanetlərin öyrənilməsi üçün istifadə olunub.
“Göy cisimlərinin siqnallarının müşahidə edilməsi prosesində biz yerdənkənar sivilizasiyalardan gələ biləcək siqnalları da toplayırıq. Lakin bu, böyük işdir, çünki tərəfimizdən ələ keçirilən siqnalların əksər hissəsi – 99 faizi müxtəlif səs-küylərdir”, – “FAST” operativ texnoloji mərkəzinin elmi müşahidələr və məlumatlar şöbəsinin direktoru Çju Min qeyd edib.
Nizam Nuriyev