Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” brauzerində boşluq aşkarlanıb


“Google” şirkətinin kibertəhlükəsizlik xidməti “Apple” şirkətinin “Safari” brauzerində çoxsaylı boşluqlar aşkarlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, səhvlər “Apple” brauzerinə quraşdırılan “Intelligent Tracking Prevention” (ITP) izləmədən mühafizə sistemində aşkarlanıb.

 

Məlumata görə, 2017-ci ildə “Safari” brauzerində istifadəyə verilən “ITP” funksiyası istifadəçilərin saytlar arasında keçidini izləyən internet dinləmə qurğularının bloklanması üçün nəzərdə tutulub. Lakin məlum olub ki, “Apple” sistemi özü izləmə aləti qismində çıxış edə bilər.

 

“Google” mütəxəssisləri cinayətkarlar tərəfindən brauzerdəki səhvlərdən mümkün istifadənin beş senarisini təsvir ediblər. Ekspertlərin sözlərinə görə, “ITP” daxil olunan saytlar barədə məlumatı aydın şəkildə saxlayır ki, bu da hakerlərə unikal rəqəmli barmaq izi yaratmağa və konkret istifadəçinin aktivliyini izləməyə imkan verir. Bundan başqa, “Apple” sistemində digər səhvlərə görə axtarış sorğuları barədə məlumatları əldə etmək mümkün olub.

 

“Google” mühəndisləri “Safari” tərtibatçılarını mövcud səhvlər haqqında ötən ilin avqustunda məlumatlandırıblar. “Apple” nümayəndələrinin sözlərinə görə, boşluqlar dekabrda aradan qaldırılıb.

 

Nizam Nuriyev






24/01/20    Çap et