Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pakistan Azərbaycanla İKT sektorundakı əlaqələrini intensivləşdirmək niyyətindədir


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Pakistan İslam Respublikasının elm və texnologiya üzrə federal naziri Çenqez Xan Camali ilə görüşmüşdür.

 

Azərbaycanla Pakistan arasında əməkdaşlıq əlaqələrinin 2005-ci ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlə daha da genişləndiyini bildirən nazir Əli Abbasov Pakistanla informasiya texnologiyaları üzrə yeni kadrların hazırlanması, yerli mütəxəssislərə təlimlərin keçirilməsi istiqamətində təcrübə mübadiləsinin aparıldığını qeyd etmişdir.

 

Daha sıx əməkdaşlıq üçün qarşılıqlı səfərlərin təşkilini yüksək qiymətləndirən nazir, Azərbaycan və Pakistanın müvafiq birlik və müəssisələri arasında yaradılan İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsinin qarşılıqlı əlaqələrin inkişafı baxımından faydalı olacağını bildirmişdir.

 

Qonaq “BakuTel-2011” beynəlxalq sərgi və konfransında, eləcə də, İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə nazirlərinin Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclasında iştirak etməkdən məmnunluğunu ifadə etmişdir.

 

O, Azərbaycanla bütün sahələrdə sıx dostluq əlaqələrinin olduğunu qeyd edərək, İKT sektorunda bundan sonra da əməkdaşlıq münasibətlərinin genişləndirilməsini məqsədəuyğun saymışdır. Ç.Camali bu sahədə səmərəli əməkdaşlıq üçün aidiyyəti nazirliklər arasında təcrübə mübadiləsinin və müzakirələrinin intensivləşdirilməsinin zəruriliyini vurğulamışdır.






26/11/11    Çap et