Bakıda Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “BakuTel-2011” 17-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi başa çatmışdır.
Sərgi “Microsoft” korporasiyasının sponsorluğu, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, “Iteca Caspian” LLC və onun tərəfdaşı ITE Group şirkətlərinin təşkilatçılığı ilə keçirilmişdir.
Bu il keçirilən sərgidə dünyanın 29 ölkəsindən 250-dən çox şirkət yeni məhsul və xidmətlərini nümayiş etdirmişdir. Sərginin iştirakçıları arasında aparıcı informasiya texnologiyaları şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları və servis şirkətləri olmuşdur.
İlk dəfə olaraq, “Bakutel” sərgisində Avstriya, Belarus, Macarıstan, Fransa, İsrail, İran, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya, Estoniya və digər ölkələrin 18 milli ekspozisiyası nümayiş olunmuşdur.
Azərbaycanın milli pavilyonu ayrıca təqdim olunmuş, milli stend çərçivəsində 13 nazirlik informasiya-kommunikasiya texnologiyaları sahəsinə aid layihələr nümayiş etdirmişdir. Sərgi çərçivəsində forum, seminar və təqdimatlar keçirilmişdir.