Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” və “Volkswagen” arasında əməkdaşlıq genişləndirilib


“Microsoft” və “Volkswagen” şirkətləri arasında texnoloji əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni saziş imzalanıb. O, iqlimin qorunması, Almaniyanın avtomobil konserninin əməkdaşlarına rəqəmli bacarıqların öyrədilməsi və atmosferə karbon qazı tullantılarının azaldılması üçün süni intellektdən istifadə kimi məsələləri əhatə edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətlər tərəfindən “Microsoft Azure” servisi və “Azure IoT Edge” “Əşyalar interneti” sistemi əsasında “Volkswagen Automotive” “bulud” platformasının hazırlanması davam etdirilir. Bu həll müxtəlif istehsalçıların mobil əlavələrini avtomobil və digər qurğularda vahid rəqəmli məkanda birləşdirməyə imkan verir. Məsələn, sürücü avtomobildə evdə dinlənilən musiqini davam etdirə, konfrans zənginə keçə, onlayn təqvimi yoxlaya bilər.

 

Sazişə görə, “Volkswagen Automotive Cloud” platforması 2020-ci ildən konsernin seriyalı avtomobillərinə quraşdırılacaq. Onun əvvəlcə “Volkswagen ID” elektromobillərinə quraşdırılması planlaşdırılır. Ümumilikdə avtomobil istehsalçısı yeni texnologiyadan istifadə edərək internetə çıxışa malik 5 milyon maşının buraxılışını nəzərdə tutur.

 

“Volkswagen” “bulud” həllinin əvvəlcə Avropa bazarında inkişafını düşünsə də, hazırda ABŞ və Çin daxil olmaqla onun qlobal iştirakına ümid edir.

 

“Microsoft” ilə sıx əməkdaşlıq üçün “Volkswagen” Sietldə yeni texnologiyaların işlənməsi mərkəzi yaradıb. “Microsoft” mərkəzə dəstək göstərərək Almaniya istehsalçısına işçi heyəti seçimində, layihələrin idarə olunmasında və s. işlərdə kömək edir.

 

Nizam Nuriyev






29/01/20    Çap et