Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərinin sayı 2,5 milyarda çatıb


"Facebook" sosial şəbəkəsinə mütəmadi daxil olan insanların sayı il ərzində 8 faiz artaraq 2,5 milyarda çatıb. Bu barədə eyniadlı sosial şəbəkənin sahibi "Facebook" şirkətinin korporativ hesabatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, qeyd edilən göstərici ayda ən azı bir dəfə sosial şəbəkəyə daxil olanların sayını əks etdirir. Şirkətin qiymətləndirməsinə görə, ötən ilin dekabrında 1,66 milyard insan gündə ən azı bir dəfə "Facebook"dan istifadə edib. Bu göstəricinin illik artımı 9 faiz təşkil edib.

 

Bildirilir ki, ötən il "Facebook" şirkətinin mədaxili 2018-ci illə müqayisədə 27 faiz artaraq 70,697 milyard dollara bərabər olub. Hesabat dövründə şirkətin xalis gəliri, əksinə, 16 faiz – 22,112 milyard dollardan 18,485 milyard dollaradək azalıb. Eyni zamanda reklam gəlirləri 27 faiz – 55,013 milyard dollardan 69,655 milyard dollaradək yüksəlib.

 

Xatırladaq ki, "Facebook" şirkəti 4 fevral 2004-cü ildə Harvard Universitetində təhsil alan Mark Sukerberq və onun üç tələbə yoldaşı tərəfindən yaradılıb. Eyniadlı sosial şəbəkə dünyanın aparıcı sosial şəbəkələrindəndir.

 

Nizam Nuriyev






30/01/20    Çap et