“Aztelekom”İB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilib, hazırda təqribən 8500-ə yaxın yeni istifadəçinin genişzolaqlı internetə qoşulması imkanlığı yaranıb. Bu barədə birlikdən verilən məlumatda deyilir.
Belə ki, Abşeron və Şamaxı rayonları ilə bərabər Sumqayıt və Gəncə şəhərlərində NGN avadanlığı quraşdırılmaqla genişzolaqlı internet şəbəkənin montaj tutumuna 6500 port əlavə edilməsi mümkün olub, beləliklə, bu xidmətlər bütün regionları əhatə edib.
Bu məqsədlə "Aztelekom.net" internet provayderi üzərindən respublikanın bütün şəhər və rayon mərkəzlərində, o cümlədən bəzi rayonların kəndlərində genişzolaqlı ADSL xidmətinin verilməsi üçün DSLAM multipleksorları şəbəkəyə qoşulub, Abşeron, Şamaxı, Sumqayıt TKQ və Gəncə TKİ-də qurulmuş NGN şəbəkəsi sayəsində qəsəbə və kəndlərdə də ADSL abunəçisinə xidmət göstərmək mümkün olub.
Qeyd edək ki, hazırda birlik üzrə kəndlərdə genişzolaqlı internetin təmin edilməsi məqsədilə elan edilən tender icrasına başlanılıb.