Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda təhsil sahəsində beynəlxalq konfrans keçiriləcək


YUNESKO və Azərbaycan Hökumətinin təşkilatçılığı ilə 1-2 dekabr tarixlərində Bakıda “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, social vərdişlər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

 

Tədbirin təşkilatçıları YUNESKO, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Konfransın Azərbaycanda keçirilməsinin təşəbbüskarı YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutudur.

 

Konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin başlıca kompetensiyaları (İKT, pedaqoji və sosial kompetensiyalar) əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır.

 

Konfransda 20-dən yuxarı xarici ekspert və 60 yerli mütəxəssisin iştirakı planlaşdırılır. Ekspertlər Rusiya, Malayziya, Slovakiya, Finlandiya, Niderland, Ukrayna, Italiya, Turkiya, Litva və Belarusu təmsil edəcəklər. Tədbir plenar iclaslar və müəllimlərin İKT sahəsində kompetensiyaları, açıq təlim resursları və peşə təhsilinin inkişafı mövzuları üzrə işçi qruplarda müzakirələr formasında keçiriləcəkdir.

 

Konfrans çərçivəsində “Azərbaycanda peşə təhsilinin inkişafı” üzrə YUNESKO, Yaponiya hökuməti, Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsinin nəticələrinin təqdimatı da nəzərdə tutulmuşdur. Konfrans zamanı xarici ekspertlərə “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında ətraflı məlumat veriləcək, həmçinin Azərbaycanda müəllimlərə İKT vasitəsilə biliklərin verilməsi üzrə təlimlər, “Həmkara dəstək” proqramı və açıq tədris resursları haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılacaqdır.

 

YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun (TİTİ) əsas məqsədlərindən biri təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə proqramların işlənib hazırlanmasına və reallaşdırılmasına dəstək göstərmək, həm bütün dünyanın, həm də ayrı-ayrı ölkələrin tələblərinə istiqamətlənən proqramlar həyata keçirməkdir.

 

Öz statusu və funksiyaları çərçivəsində TİTİ bütün səylərini ömürboyu təhsil və tədrisə imkanlarının genişləndirilməsi məqsədilə informasiya texnologiyaları sahəsində milli potensialın gücləndirilməsi, təhsildə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması və hamının təhsil ala biləcəyi cəmiyyətin formalaşmasına dəstək göstərilməsi üzərində cəmləşdirir.

 

Qeyd etmək lazımdır ki, TİTİ texniki-peşə təhsil sahəsində İKT-nin tətbiqi üzrə geniş təcrübə toplamışdır. 2001-ci ildə “Texniki-peşə təhsilində informasiya və kommunikasiya texnologiyaları” layihəsi həyata keçirilmiş və institut bu istiqamətdə bir sıra mühüm nəticələr əldə etmişdir.






28/11/11    Çap et