ABŞ-ın Yel Universitetinin alimləri xərçəngin yaranmasını mobil telefonların şüası ilə əlaqələndiriblər. Tədqiqatın nəticələri "Medical Xpress" saytında dərc olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, həkimlər bir sıra xəstələrdə smartfonların qalxanvarı vəzi xərçənginin inkişafına təsirini sübut etməyə nail olublar. Mütəxəssislər 900 nəfəri müayinə edərək tək nukleotid polimorfizmi olan xəstələr tərəfindən smartfonlardan aktiv istifadənin qalxanvarı vəzi xərçənginin yaranması riskini iki dəfə artırmasını müəyyənləşdiriblər.
Tədqiqatda vurğulanır ki, genetik həssaslıq qurğulardan aktiv istifadə ilə birlikdə onkologiyanın inkişafında mühüm rol oynayır. Müəyyən genetik xüsusiyyətlərə malik insanların aşkarlanması onları risk qrupuna ayırmağa və mümkün xəstəlik barədə məlumatlandırmağa imkan verəcək. Universitet mütəxəssislərinin fikrincə, onların işində ilk dəfə qurğuların və genetik meyilliliyin onkologiyanın inkişafına birgə təsiri öyrənilib.
Tədqiqatda iştirak edən mütəxəssislərin qənaətinə görə, problemin gələcəkdə tədqiqi onkoloji xəstəliklərin diaqnozlaşdırılmasını yaxşılaşdırmağa kömək edəcək.
Nizam Nuriyev