«Azərbaycanda intellektual laboratoriyalar yaradılacaq». Bu sözləri jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev demişdir. O bildirib ki, bu laboratoriyaların yaradılması üçün regional və beynəlxalq təcrübə öyrənilir.
Gənc alimlər üçün məlumat bazası da yaradılacaqdır. Fondun direktoru vurğulamışdır ki, gənc alimlər üçün yaradılacaq məlumat bazasının əsasında qrantlar və digər vasitələrlə gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması qarşıya qoyulan məqsədlərdən biridir.
E.Babayev elmi qrantların vergidən azad olunması istiqamətində hazırda işlərin aparıldığını da qeyd etmişdir. E.Babayev diqqətə çatdırmışdır ki, bu sahədə digər ölkələrin də təcrübəsi öyrənilir. Qonşu Rusiyada bu məsələdə real addımlar atılmışdır.
Ümid edirik ki, Elmin İnkişafı Fondunun verdiyi qrantlara xüsusi yanaşma tətbiq olunacaqdır. Çünki bu, elmin inkişafı üçün güclü bir stimuldur.