Kibertəhlükəsizlik məsələlərində ixtisaslaşan "Check Point" şirkəti "Zigbee" protokolu əsasında "ağıllı" evlər ekosisteminə qoşulan populyar "Philips Hue" "ağıllı" lampalarının sahiblərinin təhlükə ilə üzləşdiyini açıqlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, aşkarlanan boşluq hakerlərə noutbuk və radioavadanlıqdan istifadə edərək başqalarının kompüterinə müdaxiləyə imkan verir. Müdaxilə müxtəlif cihazları lokal şəbəkədə birləşdirən konsentrator vasitəsilə həyata keçirilir.
Bildirilir ki, "Philips" şirkəti problemin mövcudluğunu təsdiq edərək işıqlandırıcı cihazlar üçün proqram yeniləməsi təqdim edib.
Potensial haker hücumlarına məruz qala biləcək "Zigbee" dəstəkli digər qurğuların siyahısı hələ ki dərc olunmayıb.
Bundan başqa, "Amazon" şirkəti "Echo" "ağıllı" kolonkası daxil olmaqla "ağıllı" məhsulların daxili sınaqlarına başlayıb. Həmçinin bir müddət əvvəl "Google" və "Apple" şirkətləri universal protokola keçiləcəyini bəyan ediblər.
Nizam Nuriyev