“Loon” şirkəti “Hawk 30” stratosfer təyyarəsini internetin paylanması üçün pilotsuz uçan aparata çevirəcək. Layihə təyyarəni hazırlayan “HAPSMobile” şirkəti ilə birlikdə həyata keçiriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, “Hawk 30” 20 km hündürlükdə uçuşlar üçün nəzərdə tutulan drondur və on elektrik mühərriklə təchiz edilib. Uçuş aparatı mühərriklərin işi üçün enerjini Günəşdən alacaq. Bundan başqa, Günəş batareyalarının enerjisi aparatın əsas sistemlərinin işləməsi üçün kifayət edəcək.
İnternetin paylanması üçün hava şarları hazırlayan “Loon” şirkəti “Hawk 30” təyyarəsinin telekommunikasiya peyki kimi istifadə edilməsi üçün ona müəyyən dəyişikliklər etməyi planlaşdırır.
Məsələn, hər iki şirkətin mühəndisləri dronda əlavə faydalı yükün – “LTE” standartlı internetin sabit paylanması üçün lazım olan fırlanan antenanın quraşdırılması ilə məşğul olacaqlar.
Mühəndislərin sözlərinə görə, siqnal retranslyatoru qismində istifadə ediləcək aparatın yerüstü qüllələrlə müqayisədə daha çox məsafəyə internetin paylanmasını təmin edəcəyi gözlənilir.
Nizam Nuriyev