Bir sıra "Samsung" televizorlarının bloklanması onların digər region üçün hazırlanması ilə əlaqədardır. Bu barədə "Samsung" şirkətinin ekranda "This TV is not fully functionаl in this region" yazısı ilə bağlı yayılan məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, məlumata görə, ekranlarda bu yazının görünməsi televizorun digər region üçün hazırlanmasını və qurğunun faktiki istifadə olunduğu regionda texniki tələblərə cavab verməməsini bildirir. "Bununla əlaqədar istehsalçı istifadəçinin yaşadığı ölkədə bütün funksiyalardan istifadəyə zəmanət verə bilmir", – məlumatda qeyd olunur.
Bildirilir ki, tədarük regionundan asılı olaraq funksiyalardan istifadə ilə bağlı məlumat istifadəçi təlimatında göstərilib. "Biz televizorun bütün funksiyalarından, eləcə də istehsalçı dəstəyindən yararlanmaq üçün məhsulları yalnız regionun rəsmi pərakəndə satış nöqtələrindən almağı tövsiyə edirik", – məlumatda vurğulanır.
Qeyd edək ki, artıq bir neçə gündür Ukrayna, Rusiya, Belarus və Moldova sakinləri "Samsung" televizorlarında bir sıra "ağıllı" funksiyaların bloklanmasından şikayətlənməyə başlayıblar.
Nizam Nuriyev