Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzində "Əşyaların interneti" (İnternet of Things) sahəsinə həsr edilmiş "IoT LAB" layihəsi üzrə 2019-cu ildə görülmüş işlərə dair hesabat tədbiri keçirilib. Görülmüş işlər haqqında ətraflı hesabat, "İoT Lab İnternship 2019" "Əşyaların interneti" üzrə təcrübə proqramının nəticələri və iştirakçılar tərəfindən hazırlanmış layihələr təqdim olunub.
"IoT LAB İnternship" 2019-cu ildə İKT LAB Tətbiq və Tədris Mərkəzinin və "Microsoft" şirkətinin birgə əməkdaşlığı ilə yaradılmış "Əşyaların interneti" laboratoriyasının ilk təcrübə proqramı olub. Məqsəd gəncləri "Əşyaların interneti" sahəsinə cəlb etmək, onların bilik və bacarıqlarını artırmaq və gənclərin iştirakı ilə real layihələr hazırlamaq olub.
Təcrübə proqramına 350 nəfərdən çox gənc müraciət edib və qeydiyyatdan keçib. Bu gənclər müəyyən edilən tələblər üzrə imtahan olunub və imtahandan uğurla keçən 32 nəfər təcrübə proqramında iştirak hüququ əldə edib.
Proqramda 5 universitetdən 18 tələbə iştirak edib. Laboratoriyanın ekspertləri ilə tələbələr 10 layihə icra edib. Təcrübə proqramı çərçivəsində hazırlanan layihələr "Bakutel-2019" sərgisi çərçivəsində uğurla təqdim edilib.
Hesabat tədbirində təcrübə proqramının ən uğurlu dörd layihəsinin təqdimatı olub.
1."Fleet Management System" – "Nəqliyyat vasitələrinin izləmə və nəzarət sistemi" layihəsi
2. "Air quality monitor" – "Hava keyfiyyətinin monitorinqi" layihəsi
3. "Parking Observer" – "Parklanma sistemi" layihəsi
4. "AC cluster" – "Havalandırma sistemlərinə nəzarət" layihəsi
Tədbirdə iştirak edən ekspertlər və "Əşyaların interneti" sahəsi üzrə fəaliyyət göstərən şirkətlərin rəhbərləri layihələrlə bağlı öz fikirlərini bildirib və iştirakçılara ekspert məsləhətləri veriblər.
Tədbir çərçivəsində "IoT LAB" layihəsinin 2020-ci il üzrə planları müzakirə edilib və əməkdaşlıq imkanları təhlil edilib. "Microsoft Azərbaycan" şirkətinin baş meneceri Qaçay Mirzəyev layihənin 2020-ci ildə davam etməsini və daha çox maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə yekun nitq ilə çıxış edərək "Əşyaların interneti" sahəsinin inkişafı, bu sahə üzrə mütəxəssis hazırlığı, bütün tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə yeni "İoT" məhsullar və layihələrinin yaradılmasının vacibliyindən danışıb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
"İoT LAB" layihəsi, təcrübə proqramı və təlimlər haqqında daha ətraflı məlumatları https://iktlab.az/mslab/ saytından əldə edə bilərsiniz.