Nazirlər Kabineti Elektron xidmət növlərinin siyahısı və Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin rəsmi saytında məlumat verilib.
Baş nazir Artur Rasizadənin imzaladığı qərarla elektron xidmətlər reyestrinin operatoru funksiyaları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb. Nazirlik bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırmalıdır.
Mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınmasını təmin etmək, elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Qaydalar aşağıdakı konkret sahələrdə göstərilən xidmətləri əhatə edəcək: Ailə, qadın, uşaq problemləri, arxitektura və tikinti, dini qurumlarla iş, dövlət qulluğu, əmək və məşğulluq, əmlak münasibətləri, gömrük işi, hüquqi xidmətlər, hüquq-mühafizə, idman və bədən tərbiyəsi, kənd təsərrüfatı, kommunal xidmətlər, konsulluq xidmətləri, qaçqınlar və məcburi köçkünlərlə iş, maliyyə, qiymətli kağızlar, audit, mədəniyyət, turizm, müdafiə, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, sənaye, ticarət, sosial müdafiə, sosial təminat, standartlaşdırma və metrologiya, statistika, təbii resurslar və ekologiya, təhsil və elm, torpaq və xəritəçəkmə, vergilər, vətəndaşlıq, miqrasiya.
Elektron xidmət növlərinin siyahısı (.*doc fayl)