Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“5G” texnologiyası 10 Avropa ölkəsində istifadəyə verilib
Beşinci nəsil mobil rabitə texnologiyası (5G) Avropa İttifaqının 10 ölkəsində kommersiyalaşdırılıb. Bu barədə Avropa Komissiyasının "5G" rəsədxanasının sonuncu rüblük hesabatında deyilir.
Bildirilir ki, "5G" böyük həcmli məlumatların (Big Data) analizi və "Əşyalar interneti" (IoT) ilə birlikdə əsas hərəkətverici qüvvəsi süni intellekt olacaq rəqəmli iqtisadiyyatın əsasını təşkil edəcək. "3G" və "4G" şəbəkələrindən miras qalan infrastrukturun müəyyən hissəsi məhdud sayda beşinci nəsil mobil rabitə şəbəkələrinin tərkibinə daxil ediləcək.
Rəsədxananın məlumatına görə, 2019-cu ilin sonunda "5G" kommersiya xidmətləri Avropa İttifaqının 10 ölkəsində istifadəyə verilib.
Almaniya, Avstriya, Finlandiya, Macarıstan, İrlandiya, İtaliya, İspaniya, Estoniya, Böyük Britaniya və Rumıniya bu yeni texnologiya ilə kommersiya səviyyəsində xidmətlər təklif edən ölkələrdir.
Bir sıra ölkələrdə bir neçə "5G" xidmət tədarükçüsü fəaliyyət göstərir. Məsələn, Böyük Britaniya və Rumıniyada onların sayı üç, İtaliya, Almaniya və Finlandiyada iki təşkil edir.
Portuqaliya texnologiyanı təklif edən ölkələr sırasına hələ ki daxil edilməyib. Belə ki, bu ölkədə "5G" lisenziyalarının paylanması üzrə hərrac apreldə başlayıb iyunda başa çatacaq.
Proqnozlara görə, "5G" texnologiyasının İspaniya daxilində bütün fəaliyyət sahələrinə tətbiqi 2025-ci ildə 14 milyard avro məbləğində iqtisadi effekt verəcək. Yeni bağlantı "4G" şəbəkəsinin təmin etdiyi sürəti 40 dəfə üstələyəcək.
Avropa Komissiyasının 2017-ci ilin dekabrında Aİ Şurası tərəfindən təsdiq edilən 2016-cı ilin sentyabrı üçün Fəaliyyət Planı 2020-ci ilin sonunda "5G" kommersiya şəbəkəsinin bütün üzv dövlətlərin azı bir ən böyük şəhərində qurulmasını nəzərdə tutur.
Həmçinin vurğulanır ki, ötən ilin dekabrında "5G" ilə təchiz edilən şəhərlərin sayı 147 təşkil edib.
Rəsədxananın məlumatına görə, 2019-cu ilin sonunda yalnız 11 ölkə tərəfindən "5G" üçün milli "yol xəritəsi", o cümlədən spektrdən istifadə strategiyaları dərc edilib: Almaniya, Avstriya, Danimarka, İspaniya, Estoniya, Finlandiya, Fransa, Niderland, Lüksemburq, Böyük Britaniya və İsveç.
Bundan başqa, Cənubi Koreyada fəaliyyət göstərən üç operator tərəfindən "5G" xidmətləri istifadəyə verilib. Ötən ilin oktyabrında onların abunəçilərinin sayı 3 milyon təşkil edib.
Avstraliyada texnologiya Melburn və Sidney daxil olmaqla 10 şəhəri əhatə edir. Bu il şəhərlərin sayının 25-dək artacağı gözlənilir.
Çinin "China Mobile", "China Telecom" və "China Unicom" operatorları "5G" xidmətlərini ötən ilin noyabrında istifadəyə verib. Onlar tərəfindən artıq 9 milyona yaxın abunəçi beşinci nəsil mobil rabitə xidmətləri ilə təmin edilib.
ABŞ-da fəaliyyət göstərən dörd böyük operatorun üçü bu sahədə xidmətləri işə salıb.
Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də "5G" şəbəkəsi mövcuddur.
Hindistan hökuməti "5G" texnologiyasının inkişafına sadiq olsa da, onu 2022-ci ildə işə salmağı planlaşdırır.
Nizam Nuriyev
11/02/20 Çap et