ABŞ Kosmik Agentliyi üçün ayrılan vəsait artırılıb
Prezident Donald Tramp Administrasiyası 2021-ci maliyyə ilində ABŞ Kosmik Agentliyinin (NASA) maliyyələşdirilməsinə görə 25,2 milyard dolların ayrılması üçün ölkə konqresinə müraciət edib. Bu, ABŞ Konqresi tərəfindən 2020-ci maliyyə ili üçün agentliyə ayrılan 22,629 milyard dollardan 12 faiz çoxdur.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews
www.3dnews.ru” resursuna istinadən yazır ki, məlumata görə, bu məbləğə “Artemis” proqramı çərçivəsində Aya enəcək aparatın hazırlanması üçün 3,3 milyard dollar daxildir.
Tələb edilən büdcənin təxminən yarısı – 12,3 milyard dolları ABŞ-ın Aya qayıdışına və Marsa gələcək uçuşlara aid hazırkı və yeni layihələrə sərf ediləcək.
Telefon konfransı zamanı “NASA” administratorunun müavini Ceyms Morhard jurnalistlərə bildirib ki, “Artemis” Ay proqramının həyata keçirilməsi 35 milyard dollara başa gələcək. Proqram çərçivəsində kişi və qadından ibarət ilk ABŞ astronavtlarının 2024-cü ildə Ay səthinə enəcəyi gözlənilir.
Nizam Nuriyev