Harvard Universitetinin alimləri tərkibində heç bir bərk cisim olmayan elastik robot yaradıblar. Robot tırtıl və ya dəniz ilbizi kimi hərəkət edə və maneələrin altından sürünə bilər. Bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilmiş məqalədə bildirilib.
Harvard Universitetindən Robert Şeferd və onun kolleqaları onlar tərəfindən yaradılmış unikal "yumşaq" robotu təsvir ediblər. "Hərçənd robot texnikası son 50 il ərzində böyük tərəqqiyə nail olub, bərk konstruksiya ilə olan robotlar hələ bir çox çatışmazlıqlara malikdirlər.
Onların bəziləri kələ-kötür səthlər üzrə hərəkət zamanı dayanıqsızlıqla bağlıdır. Bundan əlavə, metal robotlar çəkisinin çox olması və yüksək qiyməti ilə fərqlənirlər” " - məqalənin müəllifləri yazıblar . Alimlər tərəfindən yaradılmış "yumşaq" robotun ilk nümunəsi elastomer plastmassadan ştamplanmış "dördayaqlı" yastı konstruksiyadan ibarətdir.
Alimlər qeyd ediblər ki, onlar tərəfindən yaradılmış texnologiya çox mürəkkəb hərəkətləri çox sadə üsullarla təmin etməyə imkan verir.